TOVUZ.İNFO
Müasir yaşayış məntəqəsi kimi rayonun təməli XIX əsrin ikinci yarısında alman köçkünləri tərəfindən qoyulub. Almanların Traubenfeld adlandırdığı bu yer tarixən Şəmşədil, Touş kimi tanınıb. Orta Asiya, Mərakeş, Sibirdə və Çində eyni adlı ərazilər bu günə qədər mövcuddur. Cənubi Azərbaycanın paytaxtı Təbrizdə Tovuz məhəlləsi var.
• Tovuz toponimi
“Taus” ərəb dilində mələk deməkdir. Bir totemə əsasən quşa çevrilmiş mələk anlayışı Şərqdə, xüsusilə ön Asiyada eramızın 2 – 4 – cü əsrlərində formalaşıb. Şəhərin adı iki qohum türk qəbiləsinin – Oğuz və Toğuzun adından əmələ gəlib. Türk – Şumer mənbələrində bu kəlimə müqəddəs dağ yeri, eləcə də, 9 Oğuz türk qəbiləsinin məkanı mənasında da işlədilib. Tovuz adı ilk dəfə yazılı şəkildə VII əsrdə yaşamış Alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsərində Tavus kimi qeyd olunub.
• Tarixi arayış
Tovuzun yaranma tarixi çox qədimlərə gedib çıxır. Ərazidə bunu təsdiq edən tunc, dəmir və erkən orta əsrlərə aid arxeoloji obyektlər tapılıb. Böyük Hun imperatorluğunun yaranması ilə bizim eranın I minilliyində «xalqların böyük köçü» başladı. Bu proses keçən minilliyin əvvəllərində Azərbaycanda türk etnoslarının çoxalmasına və güclənməsinə səbəb oldu. 378-ci ildə Qafqaza daxil olan və geniş areala yayılan türk tayfaları, o cümlədən oğuzlar Azərbaycan xalqının etnogenezində yaxından iştirak ediblər.


• Oğuzlar
Tovuz Oğuz türklərinin məskəni hesab edilib. VII əsr mənbələrində burada yaşayan 3 Oğuz, 6 Oğuz, 9 Oğuz türk tayfa birləşmələrindən çox danışılır. Orxon – Yenisey yazılarında döyüşkən, cəsarətli Oğuzların Göytürk imperiyasının əsas cəngavər tayfalarından biri kimi bəhs edilir. VI-VII əsrlərə aid yazılı mənbələrdə Yaxın və Uzaq Şərq ölkələrində böyük nüfuza malik olduqları bildirilən Oğuz türkləri Səlcuqlar, Atabəylər, Qaraxanilər, Osmanlı, Ağqoyunlu və Səfəvi kimi imperiyaları qurublar. Oğuzların tarixi əfsanələri, xalq dastanları «Oğuznamələr» adı ilə tanınır.
• Maddi-mədəni irsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir.
Ölkə əhəmiyyətli memarlıq abidələrinə -Düzqırıqlı kəndində xıx əsrə aid Hacı Bagır mscidiYanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar.
Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki vəziyyəti qənaətbəxşdir.
XIX əsrə məxsus suvurma qülləsi əhəng daşından inşa olunub. Abidənin dam örtüyü olmadığından divalarında çatlar əmələ gəlib. Abidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu Baş İdarəsinin balansındadır. 4-5 il bundan əvvəl idarə tərəfindən qüllənin sökülməsinə başlanılıb, ancaq müvafiq dövlət qurumlarının müdaxiləsindən sonra bu iş dayandırılıb. Dam örtüyü də o vaxtdan açıq qalıb. Dam örtüyü tezliklə bərpa olunmasa, abidə tezliklə dağıla bilər.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan ikimərtəbəli, XIX əsrə məxsus yaşayış evi və 1912-ci ildə inşa olunmuş sement zavodunun binası da qəzalı vəziyyətdədir. Çiy kərpicdən inşa olunmuş yaşayış evinin bir hissəsi uçub, qalan hissəsi də uçmaq təhlükəsi qarşısındadır. Binanın nə memarlıq, nə də tarixi əhəmiyyəti olmadığından onun abidə kimi siyahıdan çıxarılması təklif edilib.
Sement zavodunun yalnız qülləsi qalıb. Tikilinin qalan hissəsi uçub. Elə bu səbəbdən binanın yalnız qülləsinin abidə kimi qorunması təklif olunub.
Bundan əlavə, Tovuz rayonunda bir sıra yeni aşkar olunmuş abidələr də mövcuddur. Bayramlı kəndindəki çay daşından və bişmiş kərpicdən inşa olunmuş körpünün texniki vəziyyəti qaneedicidir.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan Qazqulu kəndindəki səkkizguşəli türbələr, 1880-ci ildə tikilmiş dəmiryol körpüsünün vəziyyəti qənaətbəxşdir.
Texniki baxışın nəticəsi aşağıdakı abidələrdə bərpa işlərinin aparılmasının vacib olduğunu diktə edir: Ölkə əhəmiyyətli memarlıq abidəsi olan XVII əsrdə inşa olunmuş Yanıqlı kənd məscidi, yerli əhəmiyyətli memarlıq abidələri sayılan Ağbulaq kəndinin yaxınlığındakı məbəd və qala divarlarının qalıqları, Vahidli kənd qəbiristanlığındakı məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr türbələri, Yanıqlı kəndindəki 3 ədəd türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki Nəsib və Yusif bəylərin XIX əsrə məxsus yaşayış evləri, Düz Qırıqlı kəndindəki XIX əsr məscidi.